NARKOMANLIĞA QARŞI MÜBARİZƏ SƏYLƏRİ BİRLƏŞDİRMƏYİ TƏLƏB EDİR
Görüşdə kollecin tələbələri ilə yanaşı Təhsil Nazirliyinin, “Antinarkotizm” Beynəlxalq Elmi Analitik Mərkəzinin, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri, məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri iştirak etmişlər.
Çıxış edənlər narkomanlığı böyük bəla adlandırmış, ona qarşı mübarizədə səyləri birləşdirməyə çağırmışlar. Qeyd edilmişdir ki, 10 ayda Nizami rayonu ərazisində narkotiklərlə bağlı 108 cinayət faktı qeydə alınmış, bu növ cinayət törətdiyinə görə 112 nəfər məsuliyyətə cəlb olunmuşdur. Onlardan 11 kiloqrama yaxın narkotik maddə götürülmüşdür. Bəlaya qarşı mübarizədə ictimaiyyətin süstlüyü, narkomaniyanın “cavanlaşması” təəssüflə vurğulanmışdır. Təklif olunmuşdur ki, narkomanlığın qarşısının alınması məqsədi ilə milli strategiya hazırlansın. Gəncləri narkomaniya bəlasına düçar olmaqdan qorumaqda pedaqoji kollektivlərin məsuliyyəti, onların öz fəaliyyətini canlandırmasının vacibliyi, qabaqlayıcı profilaktiki tədbirlərin zəruriliyi xüsusi qeyd edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri İsrafil Əliyev təmsil etdiyi qurumun fəaliyyətindən, narkomaniyaya qarşı mübarizə ilə bağlı vaxtilə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Proqramın yerinə yetirilməsi sahəsində qazanılmış uğurlardan, ölkədə sağlam həyat tərzinin formalaşmasında Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilən idman komplekslərinin rolundan danışmış, tövsiyələrini vermiş, gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Gənclərin sağlam həyat tərzinə cəlb olunmasında qazandıqları uğurlara görə kollecin bir qrup müəlliminə rayon gənclər, idman və turizm idarəsinin fəxri fərmanları təqdim edilmişdir.