NATO BAKIDA BEYNƏLXALQ SEMİNAR KEÇİRMİŞDİR
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov açmışdır. Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökuməti adından tədbirin iştirakçılarını salamlamışdır.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov terrorçuluğa qarşı mübarizəyə öz töhfəsini verəcək seminarın iştirakçılarına uğurlar arzulayaraq, NATO ilə Azərbaycan Respublikası arasında 12 ildən artıq bir dövrü əhatə edən əməkdaşlıq əlaqələrinin son illər daha səmərəli və əhəmiyyətli xarakter daşıdığını qeyd etmişdir. Eldar Mahmudov Azərbaycan Prezidenti İlham Əliyevin NATO Parlament Assambleyasının yaz sessiyasındakı çıxışının qarşılıqlı etimada və birgə maraqlara əsaslanan NATO Azərbaycan əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirdiyini bildirmişdir.
Eldar Mahmudov NATO-Azərbaycan əlaqələrinin məqsədyönlü surətdə həyata keçirilməsində proqram və planlar arasında Azərbaycan Prezidentinin 2005-ci il 3 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının mühüm rol oynadığını vurğulamışdır.
Azərbaycanın təcavüzkar separatçılıq, dini ekstremizm və beynəlxalq terrorçuluğun yaratdığı təhdidlərə məruz qalan ölkə olmasına baxmayaraq, nazir Eldar Mahmudov respublikamızın sürətli iqtisadi, siyasi inkişafının, artan regional və beynəlxalq nüfuzunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə getdikcə daha möhkəm zəmin yaratdığını, bu həqiqətin erməni tərəfinin də nəhayət, dərk etməsinin vaxtı çatdığını bildirmişdir. Yekun çıxışında nazir Eldar Mahmudov NATO çərçivəsində terrorçuluqla mübarizədə əməkdaşlıq məsələləri üzrə Bakı seminarının regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində, Azərbaycanın qəti antiterror mövqeyinin nümayiş etdirilməsində böyük əhəmiyyət daşıdığını bir daha qeyd etmişdir.
Tədbirdə iştirak edən NATO-nun yüksək vəzifəli nümayəndələri Corc Katsirdakis, briqada generalı Fransis Kleysen, Robert Venmakers və xanım Culiet Börd çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlıq münasibətlərinin inkişafından, eləcə də bunun bariz nümunəsi olan hazırkı seminarın yüksək səviyyədə təşkilindən razılıqlarını bildirmişlər. Onlar ölkəmizin antiterror koalisiyasının fəal üzvü olmasını, sülhməramlı qüvvələrdə layiqincə təmsil edilməsini, habelə bütövlükdə respublikanın terrorçuluqla mübarizədə tutduğu birmənalı mövqeyini xüsusi vurğulamışlar.
Seminarın ikinci günü NATO Baş Qərargahı ilə birbaşa telekörpü - videokontrans təşkil edilmişdir. NATO-nun baş katibinin müdafiənin planlaşdırılması üzrə köməkçisi Con Kolston Azərbaycan tərəfinə Bakı seminarının yüksək səviyyədə təşkil olunduğuna görə təşəkkürünü, ölkəmizin NATO ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq duyduğunu bildirmişdir.