NATO Moldova Silahlı Qüvvələrinin inkişafına dəstək göstərmək niyyətindədir
Bakı, 5 sentyabr, AZƏRTAC
NATO Moldovanın silahlı qüvvələrinin inkişafına dəstək nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri bazar ertəsi “Moldova-1” telekanalına müsahibəsində Alyansın Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli deyib.
"NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün müəyyən alətlər toplusu var. Bu genişləndirilmiş mexanizmlər vasitəsilə Moldovaya da yardım göstərilir. Bu istiqamətdə ilk addım Kişinyov tərəfindən silahlı qüvvələrin inkişafı üçün aydın planın hazırlanması olub”, -deyə K.Kavoli qeyd edib.
Moldova hakimiyyəti 2023-cü ildə hərbi büdcəni 68 faiz artıraraq 1,523 milyon leyə (89 milyon dollar) çatdırıb ki, bu da ÜDM-in təxminən 0,5 faizini təşkil edəcək. Bundan əvvəl Prezident Maya Sandu Qərb ölkələrinin respublikaya hərbi yardımı artırdığını bildirib. Avqustun əvvəlində ABŞ Moldova Milli Ordusuna dəyəri 3 milyon dollardan çox olan silah partiyasını, arsenalda olan snayper tüfəngləri, pulemyotlar və dronları təhvil verib. Bundan əvvəl Avropa İttifaqı müdafiəni gücləndirmək üçün respublikaya 40 milyon avro ayırmışdı. Öz növbəsində, Moldovanın müdafiə naziri Anatoli Nosaty respublikanın NATO-dan hava hücumundan müdafiə sistemi almaqda maraqlı olduğunu bildirib.
Bundan əlavə, Moldova ordusunun gücləndirilməsi NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı və Müdafiə Bacarıqlarının Gücləndirilməsi Təşəbbüsü çərçivəsində həyata keçirilir.
Konstitusiyaya görə, Moldova neytral statusa malikdir, lakin 1994-cü ildən NATO ilə fərdi tərəfdaşlıq planı çərçivəsində əməkdaşlıq edir. Rəy sorğularının nəticələrinə görə, Moldova vətəndaşlarının əksəriyyəti ölkənin NATO-ya daxil olmasının əleyhinədir.