Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Beynəlxalq Hava Limanında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Beynəlxalq Hava Limanının Əsaslı Tikinti və Yerüstü Qurğuların İstismarı üzrə direktor müavini İlham Hüseynov bununla bağlı keçirilən tədbirdə çıxış edərək, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulan bütün işlərin yerinə yetirildiyini bildirib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında qış mövsümünün soyuq və qarlı keçməsi ilə əlaqədar olaraq hava gəmilərinin təhlükəsiz enib-qalxmasını təmin etmək məqsədilə xüsusi avtonəqliyyat vasitələri tam saz vəziyyətə gətirilib. Texniki heyətlə məşğələlər keçirilib və uçuş-enmə zolağı, dönmə yollarının, perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb.
İlham Hüseynov onu da bildirib ki, 1 “Volvo”, 1 “Man”, 2 “Mercedes” markalı qartəmizləyən, 1 “Supra” markalı qaratan və 1 “Damman” markalı buz əleyhinə mayesəpən avtonəqliyyat vasitələri istənilən qarlı hava şəraitində uçuş-enmə zolağını, dönmə yolları və perron ərazisini qardan və buzlaşmadan təmizləməyə imkan verir. Ən son model olan avadanlıqla uçuş-enmə zolağının sürüşmə əmsalı hesablanır və təlimata uyğun olaraq işlər yerinə yetirilir. Hava gəmilərinin buzlaşmasına qarşı emal üçün nəzərdə tutulmuş “ISUZU” və “Qlobal” markalı maşınlar tam saz vəziyyətə gətirilib.