NAXÇIVAN MR DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ SÜNİ MAYALAMAYA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Naxçıvan, 11 dekabr (AZƏRTAC). Naxçıvan MR Dövlət Baytarlıq Xidmətində süni mayalama tədbirləri ilə əlaqədar müşavirə keçirilmişdir.
Xidmətin rəisi Əbil Əbilov baytarlıq xidmətinə göstərilən diqqət və qayğıdan danışmış, süni mayalama sahəsində görülən işlər barədə məlumat vermişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan aqrar islahatlar sayəsində ölkədə, o cümlədən muxtar respublikada heyvandarlığın inkişaf etdiyini vurğulamışdır. Qeyd etmişdir ki, ulu öndər muxtar respublikanın rəhbəri olanda, 1992-ci ildə zərərlə işləyən kolxoz və sovxozların mal-qarasının özəlləşdirilməsi haqqında qərar qəbul etdi. Azərbaycanda özəlləşmənin əsası da elə həmin dövrdən qoyulmuşdur. Qısa müddət ərzində muxtar respublikada mal-qaranın, quşların baş sayı çoxalmışdır. O vaxtdan bu sahədə artım faizlə deyil, dəfələrlə qeydə alınır. Bunlar muxtar respublika əhalisinin gündəlik ərzaqla təmin olunmasında mühüm rol oynayır. Heyvanların sağlamlığının qorunması isə baytar həkimlərinin qarşısında qoyulan mühüm vəzifədir. Bu sahədə ixtisaslı kadrların hazırlanması üçün Naxçıvan Dövlət Universitetində baytarlıq ixtisası açılmışdır. Naxçıvan Dövlət Texniki Kollecində də baytarlar hazırlanır.
Natiq xüsusi vurğulamışdır ki, əhalinin istifadə etdiyi ət və süd məhsulları sağlam olmalı, mal-qaranın cinc tərkibi yaxşılaşdırılmalı, onların məhsuldarlığı artırılmalıdır. Bunları həyata keçirmək üçün dünyada istifadə olunan müasir, mütərəqqi metodlar tətbiq olunmalıdır. İlk növbədə dərmanla müalicə işi hər fəslə uyğun aparılmalıdır. Mal-qaranın infeksion və digər xəstəliklərə qarşı dözümlülüyünü artırmaq üçün müasir metod olan süni mayalamadan istifadə olunmalıdır. Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, baytarlıq xidməti sahəsində ciddi dönüş yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlari ilə ölkəmizə damazlıq mal-qara alınıb gətirilir, süni mayalamanın tətbiqi genişləndirilir, qonşu ölkələrdə, dünyada baş verən infeksion xəstəliklərin respublikamızın ərazisinə keçməməsi üçün tədbirlər görülür. Dünyada bir sıra müxtəlif infeksion xəstəliklərin olmasına baxmayaraq həyata keçirilən tədbirlər nəticəsində həmin xəstəliklər muxtar respublikada qeydə alınmamışdır. Son illər ərzində baytarların öz işlərinə məsuliyyətlə yanaşmalarının nəticəsidir ki, bölgədə mal-qara arasında infeksion xəstəliklərin kökü kəsilmişdir.
Məlumat verilmişdir ki, indi muxtar respublikada 101 min 359 baş qaramal, 613 min 331 baş davar, 756 min 26 baş quş saxlanılır. Bu, əhalinin ət və süd məhsullarına, yumurtaya olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Muxtar respublikada 12 süni mayalama məntəqəsi yaradılmışdır. Həmin məntəqələrin fəaliyyətinin gücləndirilməsi üçün tədbirlər görülür.
Ali Məclisin sədri müdrik bir kəlamı xatırlatmışdır: “Həkimlər xəstələri, baytarlar isə bütün bəşəriyyəti müalicə edirlər”. Bir daha xatırlatmışdır ki, sağlam ərzaq sağlam insan deməkdir.
Vasif Talıbov 2010-cu ilin yanvar ayından başlayaraq süni mayalama ilə bağlı kursların təşkil olunması, statistika hesabatlarında süni mayalama, doğulan heyvanlar üçün ayrıca hesabat formasının açılması, muxtar respublikada bütün standartlara cavab verən özəl damazlıq təsərrüfatının yaradılması üçün layihənin hazırlanması barədə tapşırıqlar vermişdir.