Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib


Naxçıvan, 17 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə ortamüddətli büdcə çərçivəsi, büdcə siyasətinin əsas istiqamət və məqsədləri, habelə ilkin makroiqtisadi proqnozlar və makrofiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün muxtar respublika büdcəsinin proqnoz göstəriciləri, büdcənin gəlir və xərcləri, büdcə dayanıqlığı ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gündəliyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə üzrə müəyyən edilən prioritet xərc istiqamətləri çərçivəsində müvafiq hədəf göstəricilərinə dair muxtar respublikanın maliyyə naziri Həsən İsmayılov, iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov və Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun çıxışı dinlənilib, göstəricilərin təhlili və müzakirəsi aparılıb.
Müşavirənin yekununda Baş nazir Ceyhun Cəlilov ötən 2 il ərzində fiskal tənzimləmə çərçivəsində muxtar respublikada aparılan islahatlar barədə ümumi fikirlərini bildirib, muxtar respublikada 2022-ci ildə yığılmış 133 milyon manat vergi məbləğinin 2024-cü ildə 227 milyon manata çatdırılmasını, dövlət əmlakının idarəolunmasından büdcəyə daxilolmaların dinamik artımını, habelə cari nəzarət alətlərinin tətbiqi ilə maliyyə intizamının gücləndirilməsini aidiyyəti qurumların uğurlu işinin nəticəsi olduğunu qeyd edib. Müşavirə iştirakçılarının rəyləri nəzərə alınmaqla aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq təlimatlar verilib.