NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏCLİSİNDƏ MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Vasif Talıbov Azərbaycan milli mətbuatının keçdiyi inkişaf mərhələləri, ölkəmizin kütləvi informasiya vasitələrində baş verən demokratik proseslər, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər barədə danışmışdır. Qeyd etmişdir ki, Naxçıvan MR-də redaksiya–nəşriyyat kompleksi yaradılmış, “Əcəmi” nəşriyyatının poliqrafik imkanları genişləndirilmiş, şəhər və rayon qəzetlərinin maddi-texniki bazası möhkəmləndirilmiş, redaksiyalar kompüter dəstləri ilə təmin olunmuşdur.
Açılan dövlət televiziyası və radiosu üçün yeni studiya avadanlıqları, möntaj stolu, nəqliyyat vasitələri alınmış, Naxçıvan teleradio verilişlərinin ayrıca kanalla yayılması təmin edilmişdir. Bir neçə gün əvvəl isə Naxçıvanda elmi-kütləvi proqramlar yayacaq “Kanal-35” televiziyası fəaliyyətə başlamışdır.
Kütləvi informasiya vasitələri qarşısında duran vəzifələrdən danışan Ali Məclisin sədri 22 iyul - Milli mətbuat günü münasibətilə görüş iştirakçılarını təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.
Axırda Naxçıvan televiziyasına yeni videokamera, “Şərq Qapısı”
qəzetinin redaksiyasına fotoaparat və iki ədəd diktofon, görüşdə iştirak edən jurnalistlərə “Naxçıvan” ensiklopediyası verilmişdir.