Naxçıvanda idmanın inkişafı yeni mərhələyə yüksəlib
Naxçıvan, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə edib. Dövlətimizin başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.
İdmanın maddi-texniki bazası xeyli gücləndirilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, son illər muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 7 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, stadionlar, peyntbol meydançası, yeni olimpiya ağırlıqqaldırma qurğuları, ümumtəhsil məktəblərində müasir idman zalları və digər idman avadanlıqları quraşdırılıb. Ötən dövrdə muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, Boks, Güləş, Karate-do, Şahmat, Futbol, Voleybol, Basketbol, Paralimpiya, Hava və Ekstremal İdman Növləri, Atıcılıq və Kikboksinq federasiyaları yaradılıb. Bundan başqa, “Araz-Naxçıvan” Peşəkar Futbol Komandasının fəaliyyəti bərpa olunub və Əlincə Stolüstü Tennis Klubu fəaliyyətə başlayıb.
36 min 881 yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur
Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu gün muxtar respublikada 36 min 881 yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.
Ötən ildə də idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində bir sıra işlər görülüb, məktəblilərin spartakiadasının keçirilməsi, zonalar üzrə müxtəlif idman yarışlarının təşkili davam etdirilib. Muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 105, Yeniyetmələrin III Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə, 195 medal qazanıblar. Həmçinin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin idman bölmələrinə cəlbi, mövcud idman obyektlərindən ödənişsiz istifadəsi təmin olunub, məktəblilərin fiziki möhkəmliyinin artırılması məqsədilə tədbirlər həyata keçirilib, ildə iki dəfə olmaqla, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü və “Şahin”, “Sərhəd” hərbi idman oyunları təşkil edilib. İdman yarışlarında fərqlənən idmançılar haqqında məlumat bankı yaradılıb.
Qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunda hazırda 150-yə yaxın qız bədii gimnastika ilə məşğul olur. Həmçinin stolüstü tennis bölməsinə müraciət edənlərin əksəriyyətini gənc qızlar təşkil edir. Şərur Olimpiya-İdman Kompleksində qızların idmana cəlb edilməsi, idmanın kütləviliyinə nail olunması məqsədilə üzgüçülük, bədii gimnastika və həndbol üzrə bölmələr fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bölmələrdə fəaliyyət göstərən məşqçi-müəllimlərin ixtisasartırma kurslarına göndərilməsi işi də davam etdirilir.
Naxçıvan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edir
Yaradılan müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açıb. Son illər bu imkanlardan lazımınca istifadə olunur, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə idmançı muxtar respublikada keçirilən yarışlarda iştirak edir. Naxçıvan Muxtar Respublikasında 2003-cü ildə 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, 2011-ci ildə karate üzrə “Naxçıvan Open” beynəlxalq turniri, 2011-ci ildən etibarən hər il mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlər, beynəlxalq şahmat festivalları, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı və MMA Qran-Pri üzrə Şərqi Avropa çempionatı, 2014-cü ildə qol-bol paralimpiya idman növü üzrə beynəlxalq turnir, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə “Dünya kuboku” uğrunda yarış, 2015-ci ildə kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda yarış, 2016-cı ildə usta ağır atletlər arasında Avropa çempionatı, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə karate üzrə beynəlxalq turnir və digər mötəbər idman tədbirləri keçirilib, idmançılarımız muxtar respublikanı və ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr qazanıblar.
İdmanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilib. 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib, müşavirədə konkret tapşırıqlar verilib.
Muxtar respublikada idman sahəsində əldə edilən uğurlar və bu istiqamətdə həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, bundan sonra da Naxçıvan sosial-iqtisadi inkişafı ilə yanaşı, həm də idman sahəsində liderliyini qoruyacaq.