İQTİSADİYYAT
Naxçıvanda ilk dəfə “Sığorta Festivalı” keçirilib
Naxçıvan, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Naxçıvanda ilk dəfə “Sığorta Festivalı” keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Həyat sığorta ilə rahat” devizi altında təşkil olunan festivalda layihənin əhəmiyyəti, festivalda iştirak edən sığorta şirkətləri barədə məlumat verilib.
Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısında keçirilən festivalda Naxçıvan şəhər sakinləri və qonaqlar üçün hazırlanan proqram maarifləndirici və əyləncəli anlarla zəngin olub. Festival ərzində iştirakçılar “Ada Band” rok-pop qrupu, enerjili musiqilərlə rəqs edərək, əsl bayram əhvali-ruhiyyəsi yaşayıb, eyni zamanda sığorta növləri ilə bağlı səsləndirilən suallara cavab verməklə sürpriz hədiyyələr qazanıblar.
Qeyd edək ki, “Sığorta Festivalı” ölkənin aparıcı sığorta şirkətlərini bir araya gətirərək, müxtəlif sığorta məhsulları haqqında əhalini maarifləndirməyi hədəfləyir. Festivalın açılış mərasimi avqustun 17-də Bakı şəhərində baş tutub. Tədbir avqustun 24-də Sumqayıtda, 30-da Lənkəranda keçirilib. Sentyabrın 14-də Gəncədə festivalın bağlanış mərasimi keçiriləcək.
Xatırladaq ki, Azərbaycanda ilk “Sığorta Festivalı” 2023-cü ildə respublikanın 10 şəhərində keçirilib və böyük maraqla qarşılanıb. Bu festival, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunur. Tədbir, geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsinin bir hissəsidir.