Naxçıvanda “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim keçirilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı layihəsi çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda Naxçıvan və Şərur şəhərlərində ikigünlük təlim sessiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) məlumat yayıb.
Naxçıvan şəhərində keçirilən təlimdə qeyd olunub ki, iqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatına və su sektoruna, xüsusilə, taxıl və meyvələrin becərilməsinə ciddi təsir göstərir. Bununla belə, fermerlərin bu təsirləri azaltmaq üçün ata biləcəyi praktik addımlar mövcuddur. Taxılçılıqda sudan istifadəni optimallaşdırmaq üçün müasir suvarma sistemlərindən istifadə etmək, quraqlığa və şoranlığa davamlı olan taxıl sortları yetişdirmək, hava proqnozlarına əsasən əkin sıxlığını tənzimləmək, zərərvericilərə və xəstəliklərə qarşı profilaktik tədbirlərdən istifadə müsbət nəticə verə bilər. Bu strategiyaları qəbul etməklə Azərbaycanın kənd təsərrüfatı iqlim dəyişikliyi problemləri qarşısında daha dayanıqlı ola bilər.
Təlimdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova muxtar respublikada kənd təsərrüfatının mövcud vəziyyət barədə çıxış edib. Qeyd edib ki, muxtar respublikada ciddi quraqlıq problemi var. Anbarlardakı su olduqca aşağı səviyyədədir. Azərbaycanın digər bölgələrində müasir suvarma sistemlərindən istifadə olunsa da, təəssüf ki, Naxçıvanda istehsalçılar tərəfindən uzun müddət bu sistemlərin qurulması üçün lazımi tədbirlər görülməyib.
Ümumilikdə, bu il muxtar respublikada 21247 hektar sahədə taxıl əkini həyata keçirildiyini xatırladan nazir müavini, su çatışmazlığı səbəbindən əkin sahələrinin suvarma suyu ilə tam təmin olunmadığını bildirib.
Diqqətə çatdırılıb ki, bu və digər səbəblərdən 1450 hektar sahədə bitkilər quruyub. Artıq bostanlarda, həyətyanı sahələrdə, meyvə bağlarında da məhsulların quruması hallarına rast gəlinir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan da bəhs edən Xəyalə Dadaşova bildirib ki, Dövlət Proqramında kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə yanaşı, suvarma sistemlərinin yaxşılaşdırılması da nəzərdə tutulub. Dövlət proqramının icrası muxtar respublikada bu sahədə ciddi dönüş yaradacaq. Hazırda proqramdan irəli gələn məsələlərin icrasına başlanılıb, alt tədbirlər planı hazırlanıb, mütərəqqi suvarma və əkin texnologiyalarından istifadə ilə bağlı təkliflər verilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Yaşıl İqlim Fondu, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edərək, fermerləri kənd təsərrüfatında iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün məlumatlandırır. Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı layihəsi çərçivəsində Azərbaycanın iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən regionlarında silsilə təlimlər təşkil edilir. Layihə çərçivəsində Quba, Xaçmaz, Salyan və Neftçala rayonlarında analoji təlimlər keçirilib.