Naxçıvanda “Nizami Gəncəvi İli” çərçivəsində növbəti layihəyə start verilib
Naxçıvan, 1 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında “Nizami dünyası” adlı teatr müsabiqəsi layihəsinə start verilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilir. Məqsəd şairin əsərlərində qeyd olunan səadət, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliği, tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılmasıdır. Müsabiqə iyul ayınadək davam edəcək.
Gənclər və İdman, Mədəniyyət nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə keçirdiyi müsabiqədə iştirak edəcək hər bir təhsil müəssisəsi müsabiqəyə yalnız bir tamaşa təqdim edəcək və həmin tamaşa Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərə həsr ediləcək. Əsasnaməyə uyğun olaraq tamaşaların müddəti 20-45 dəqiqə olmalıdır. Qiymətləndirmə təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılır. Qaliblərin müəyyən edilməsi üçün 5 nəfərdən ibarət münsiflər heyəti yaradılıb. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“Nizami dünyası” adlı teatr müsabiqəsinin ilk tamaşası Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının hazırladığı “Xeyir və Şər” tamaşası olub. Tamaşa Naxçıvan Dövlət Uşaq Teatrında nümayiş etdirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu il ərzində gənclərə Nizami dünyasının daha yaxından tanıdılması məqsədilə artıq bir çox tədbirlər keçirilib. Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında “Nizami dünyası” adlı teatr müsabiqəsi də silsilə tədbirlərin davamıdır.