Naxçıvanda su anbarları yuyularaq təmizlənir
Naxçıvan, 4 mart, AZƏRTAC
Cari ilin mart ayından etibarən Naxçıvan Şəhər Sukanal İdarəsi Emal qurğuların istismar sahəsinin Sutəmizləyici Qurğular Kompleksinin nəzdində olan su anbarlarının yuyularaq təmizlənməsi işlərinə start verilib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin əməkdaşları tərəfindən Emal qurğuların istismar sahəsinin sutəmizləyici qurğular kompleksinin ümumi tutumu 25 min kubmetr həcmində olan su anbarlarının 10 min kubmetri yuyulub, xlor tərkibli məhlul ilə zərərsizləşdirmə işləri aparılıb. Hazırda İctimai Səhiyyə Xidmətinin əməkdaşlarının iştirakı ilə anbarlar təmizlənir. İşlərdən sonra anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən xidmətin təqdim etdiyi arayışlar əsasında yenidən istismara buraxılacaq. Təmiz və keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin idarənin mərkəzi və məhəllədaxili su anbarlarında da aparılması nəzərdə tutulub.
Qeyd edək ki, içməli suyun keyfiyyətinə nəzarət üzrə “İçməli su Gigiyenik tələblər və keyfiyyət üzrə Nəzarət” AZS 929-2023 dövlət standartının əsas tələblərindən biri anbarlarda toplanan suyun təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə hər il su anbarlarının yuyulması planı tərtib edilməli və anbarlarda nəzarət təftiş işləri aparılmalıdır.