Naxçıvanda torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib
Naxçıvan, 9 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 5 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 12 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 6 torpaq sahəsindən 3 torpaq sahəsi mülkiyyətə, 3 torpaq sahəsi isə icarəyə verilib. 5 sahibkar hərracın qalibi olub.
Qeyd edək ki, mərkəz tərəfindən 16 və 26 dekabrda nəqliyyat vasitələrinin, 17 dekabrda qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi hərracları, 22 dekabrda isə Naxçıvan şəhərindəki torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə müsabiqə keçiriləcək.