SİYASƏT
Naxçıvanda yeni yaşıllıqlar və meyvə bağları salınıb
Naxçıvan, 8 aprel, AZƏRTAC
Təbiət bizdən qayğı tələb edir. Onu qorumaq, zənginləşdirərək gələcək nəsillərə çatdırmaq qarşımızda duran əsas vəzifələrdəndir. Muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması sahəsində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir. Kəskin kontinental iqlim şəraitinin mövcud olmasına baxmayaraq Naxçıvanda təbii sərvətlərdən səmərəli istifadə olunur, keçirilən iməciliklərdə torpaq xüsusiyyətləri nəzərə alınaraq yeni yaşıllıqlar və meyvə bağları salınır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 8-də muxtar respublikada növbəti iməciliklər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarının ətrafında keçirilən iməcilikdə iştirak edib, ərazidə yeni meyvə tingləri əkib.
Məlumat verilib ki, ötən illər keçirilən iməciliklər zamanı Uzunoba Su Anbarının ətrafındakı 20 hektar sahədə qoruyucu yaşıllıq zolağı salınıb. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivlərinin iştirakı ilə daha 1 hektar ərazidə minə yaxın müxtəlif meyvə tingləri əkilib. Meyvə bağında damcı üsulu ilə suvarma şəbəkəsi qurulacaq, becərmə işləri aqrotexniki qaydalara uyğun aparılacaqdır.
Ali Məclisin Sədri yaşıllıq sahələrinin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 30 hektarda 17 min 620 meyvə və meşə, 95 min üzüm tingi əkilib.