Naxçıvanın məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə aparılır
Naxçıvan, 20 oktyabr, AZƏRTAC
Bu gün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə aparılır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında məktəbəqədər təhsil müəssisələrindən 160 tərbiyəçi-müəllim iştirak edir. Bu gün ümumilikdə iki seansda keçiriləcək qiymətləndirmədə 300-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirmə və seminarlar təşkil olunub.