“Nazim Hikmət – 120” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çap olunub
Bakı, 13 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Nazim Hikmət - 120” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda dinlənilən 34 məruzənin tezisi dərc olunub.
Kitabda Misirdən Asiya və Türk dünyası məsələləri üzrə tədqiqatçı, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Ahmed Abdoh Tarabeikin “Nazim Hikmətin yeni ərəb ədəbiyyatina təsiri” və Türkiyədən Ahi Evran Universitetinin İslami elmlər fakültəsinin dosenti doktor Vəsilə Şimşəkin “Nazim Hikmətin həyat və sənəti haqqında” adlı məruzələrinin tezisləri yer alıb. Azərbaycan alimlərindən filologiya üzrə fəlsəfə doktorları Səriyyə Gündoğdunun “Çağdaş Şərq ədəbiyyati və Nazim Hikmət”, Əflatun Baxşəliyevin “Nazim Hikmət və Səməd Vurğun”, Cavanşir Məmmədzadənin “Nazim Hikmət və Nima Yusiç yaradıcılığında tipoloji oxşarlıq”, Pərvin Nurəliyevanın “Nazim Hikmət: sovetlər dönəmi Azərbaycanında türk simvolu”, Barat Osmanovanın “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədovanın “Dünya ədəbiyyatında Nazim Hikmət izləri” adlı məruzələrinin, eləcə də digərlərinin maraqlı mövzularda və elmi əhəmiyyətə malik məruzələrinin tezisləri çap olunub.