Nazir: Bu il şəhər məktəblərində I sinif uşaqlarının böyük əksəriyyəti məktəbəhazırlıq qruplarından gəlir
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu il Azərbaycanda 125 mindən artıq şagird birinci sinfə qədəm qoyur.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir birinci sinfə qədəm qoyan şagirdləri, onların valideynlərini və müəllimləri Bilik Günü münasibətilə təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb.
Emin Əmrullayev yeni tədris ilində tam orta təhsil səviyyəsində təmayül siniflərinin fəaliyyətinin genişləndirildiyini diqqətə çatdırıb. O bildirib ki, əvvəl 14 məktəbdə tətbiq olunan model bu il 90 məktəbdə həyata keçirilir. Təmayül sinifləri şagirdlərin ehtiyaclarını nəzərə almaqla yanaşı, valideynlərə də müəyyən mənada dəstək olur. Onun sözlərinə görə, şagirdlərin istək və arzularına uyğun təmayüllər üzrə təhsil alması onların daha yaxşı nəticələr göstərməsinə imkan verə bilər. Əgər nəticələr uğurlu olarsa, daha geniş miqyasda tam orta təhsil modelinin konseptləri tətbiq edilə bilər.
Nazir məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişlənməsinin də mühüm göstərici olduğunu bildirib. Qeyd edib ki, bu il 21 nömrəli tam orta məktəbdə birinci sinfə qəbul olunan uşaqların 90 faizdən çoxu məktəbəhazırlıqdan gəlib.
“Xüsusilə şəhər yerlərində, bu məsələ demək olar, 100 faizə yaxın həll olunub. Bu da çox vacib göstəricidir ki, məktəbə gələn uşaqların böyük əksəriyyəti heç olmasa bir il məktəbəhazırlıqdan gəlir. İnanıram ki, bu, onların təhsil nəticələrinə təsir edəcək və ölkənin də təhsilini irəli aparacaq”, - deyə Emin Əmrullayev əlavə edib.
Nazir digər istiqamətlərdə, o cümlədən sertifikatlaşdırma, məzmun və qiymətləndirmə sahələrində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.