İQTİSADİYYAT
Nazir müavini: Rəqabət Məcəlləsinin qəbulu ilə iqtisadiyyatın inkişafında özəl sektorun rolu artacaq

Bakı, 26 sentyabr, AZƏRTAC
Rəqabət Məcəlləsi son üç il ərzində İqtisadiyyat Nazirliyi, o cümlədən həmkar qurumlarla birgə kifayət qədər intensiv müzakirələrin məhsuludur. Sənəd hazırlanarkən Avropa İttifaqının qanunvericiliyi, eyni zamanda, Avropa İttifaqına üzv dövlətlərin, həmçinin MDB məkanında olan bir sıra dövlətlərin proqressiv qanunvericiliklərindən mənbə kimi istifadə olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Rəqabət Məcəlləsinin layihəsinə həsr olunmuş ictimai dinləmədə çıxışı zamanı deyib.
Elnur Əliyev yeni Məcəllədən əsas gözləntiləri açıqlayıb: “İqtisadiyyatın inkişafında özəl sektorun rolu getdikcə artacaq və qeyd olunduğu kimi, azad, sağlam rəqabət mühitinin yaranması təmin olunacaq. Ölkənin sürətli iqtisadi inkişafına dəlalət edən müasir çağırışlara cavab verən bazar münasibətlərinin inkişafına və qorunmasına şərait yaranacaq, inhisarçılıq, o cümlədən kartel sövdələşmələr, üfüqi və şaquli sövdələşmələr, həmçinin qiymət manipulyasiyalarına qarşı effektiv mübarizə aparılmasına imkan veriləcək. Layihə hazırlanarkən şüurlu şəkildə rəqabətlə bağlı müddəalar, anlayışlardan tutmuş qanunvericiliyin pozulmasına görə məsuliyyətə qədər bütün mövzular sənədə daxil edilib”.