İQTİSADİYYAT
Nazir türk iş adamlarını Ələt İqtisadi Zonasında əməkdaşlığa dəvət edib

Bakı, 26 sentyabr, AZƏRTAC
Türk iş adamları xüsusi investisiya güzəştləri təklif edən, yeni yaradılmış Ələt İqtisadi Zonasında əməkdaşlıq quraraq, beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan, Türk Dövlətləri Təşkilatının brendinə çevriləcək birgə müəssisələr yaratmaq imkanlarını nəzərdən keçirə bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk dövlətlərinin II Aqrobiznes Forumunda çıxışı zamanı bildirib.
“Hesab edirəm ki, iş adamlarımız infrastruktur layihələrindən və əlverişli investisiya mühitindən faydalanaraq ixrac coğrafiyamızı daha da genişləndirməlidirlər. Biz, həmçinin öz ölkələrimizdə təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirak etməli və məhsullarımızı beynəlxalq istehlakçılara yaxından tanıtmalıyıq”, - deyə nazir qeyd edib.
“Ötən dövr ərzində dünyanın üzləşdiyi pandemiya və hazırda davam edən regional böhranlar qlobal qida təhlükəsizliyinin təmin edilməsində aqrar ticarətin önəmini ön plana çəkib. Azərbaycan, həmçinin reallaşdırdığı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat infrastrukturu layihələri sayəsində Avrasiyanın etibarlı nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. Bu layihələr sırasında yer alan, illik yükdaşıma gücü 15 milyon ton olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istehsal etdiyimiz aqrar məhsulların ölkələrimiz arasında və digər üçüncü ölkələrə daha tez və təhlükəsiz daşınmasına imkan yaradır”, - deyə M.Məmmədov əlavə edib.