NDU tələbələri “Azərişıq”da təcrübə keçəcəklər
Naxçıvan, 23 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Müqavilədə NDU tələbələri üçün “Azərişıq” ASC-də istehsalat təcrübələrinin təşkili, elektroenergetika üzrə ixtisaslar üçün birgə kurs və təlim proqramlarının, müştərək elmi-texniki layihələrin həyata keçirilməsi, professor-müəllim heyətinin “Azərişıq” ASC-nin müəssisələrində tədqiqat imkanlarından yararlanması nəzərdə tutulub.
NDU-nun rektoru Elbrus İsayev əməkdaşlıq müqaviləsini əhəmiyyətli və uğurlu ortaq fəaliyyətin başlanğıcı kimi qiymətləndirib. Rektor universitetin ümumi fəaliyyətindən, beynəlxalq əlaqələrindən, eləcə də əcnəbi professorların tədrisə cəlb olunmasından bəhs edib. Həmçinin sənaye ilə ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək innovativ layihələrin həyata keçiriləcəyi NDU-nun Texnologiyalar Parkı haqqında danışıb.
Rektor energetika sahəsində beynəlxalq elmi konfransların keçirildiyini, bu istiqamətdə elmi-tədqiqat fəaliyyətlərinin davam etdirildiyini vurğulayıb. Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin müxtəlif ölkələrdə istehsalat təcrübələrində iştirakına diqqət çəkilib. Vurğulanıb ki, ötən il tələbələr Türkiyə Respublikasının Qaradəniz Texniki Universitetində, daha əvvəlki illərdə isə Almaniya və İtaliyada təşkil olunan təcrübə proqramlarında olublar.
“Azərişıq” ASC-nin sədrinin müşaviri Xalid Təhməzov, Tədris və İnnovasiyalar Mərkəzinin direktor müavini Çingiz İbadov və ASC-nin Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov çıxışlarında energetika sahəsində inkişaf meyilləri, tətbiq olunan innovativ texnologiyalar və mərkəzin təcrübəyə əsaslanan praktiki üstünlükləri barədə məlumat veriblər. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri Mərkəzdə təşkil olunan istehsalat təcrübələrində iştirak edəcək, praktiki bacarıqlar əldə etməklə yanaşı, müvafiq ixtisas üzrə biliklərini daha da dərinləşdirmək imkanı qazanacaqlar.