Nəbi İsgəndərov: Qələbəyə layiq tərəf mən idim VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
Mən qələbəyə daha layiq idim, amma görüş bərabərliklə başa çatdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Bakıda keçirilən IBA Çempionlar Gecəsində Rusiyanı təmsil edən Hikmət Qarayevlə heç-heçə başa çatan görüşdən sonra deyib.
Boksçu döyüşdə üstün tərəf olduğunu düşündüyünü bildirib: “Döyüş yaxşı keçdi. Özümü əla formada hiss edirdim və qarşılaşmaya qələbə qazanmaq məqsədilə çıxmışdım. Hesab edirəm ki, dördüncü raund istisna olmaqla, digər raundlarda üstünlük məndə idi. Buna baxmayaraq, hakimlər döyüşü heç-heçə qiymətləndirdilər. Bu qərarla razı deyiləm. Düşünürəm ki, həm azarkeşlər, həm də döyüşü izləyən hər kəs mənim üstün olduğumu gördü”.