İQTİSADİYYAT
Neft Fondunda tələbələr arasında keçirilən “Uğurlu səhm seçimi” müsabiqəsinin yarımfinalı baş tutub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) tələbələr arasında keçirilən “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün ümumilikdə 11 universiteti təmsil edən 63 komanda müraciət edib və onlardan 15-i müsabiqənin növbəti mərhələsinə keçib. Bu komandalardan səhmin seçimi və təhlili ilə bağlı verilən tapşırıqları daha düzgün yerinə yetirmiş aşağıdakı 8 komanda yarım final mərhələsinə vəsiqə qazanıb: “Blue Chip”, “Marketbeaters”, “Degrees of Freedom”, “Squadron-P”, “Stockholm” (Azərbaycan Dövlət İqtisad Universiteti); “Stockholmers” (Bakı Mühəndislik Universiteti); “The Intangibles” (Xəzər Universiteti); “The Wolves of Presidential Academy” (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası).
Yarımfinala çıxmış komandaların təqdimatları, investisiya seçimi və təhlili bacarıqları münsiflər heyəti tərəfindən dəyərləndirilib və bütün tələblərə cavab verən 4 komanda (“Blue Chip”, “Stockholmers”, “Marketbeaters”, “The Intangibles”) mayın 30-da ARDNF-in inzibati binasında baş tutacaq final mərhələsində iştirak etmək hüququ əldə edib. Qeyd edək ki, müsabiqədə qalib gələn komandalar pul mükafatı (I yer - 5000 AZN, II yer – 3000 AZN, III yer - 1000 AZN) ilə yanaşı, Neft Fondunun müvafiq departamentində 1 aylıq təcrübə keçmək imkanı da əldə edəcəklər.