Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin baş direktoru akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.
İclasda Neft və Qaz İnstitutunun struktur bölmələrinin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. İnstitutun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin hesabatını Bünyad Kazımov, Neft-qaz geofizikası şöbəsinin hesabatını isə Namaz Yusubov təqdim ediblər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, alınmış mühüm nəticələr, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq elmi əlaqələr və əməkdaşların elmi tədbirlərdə iştirakı haqqında məlumat verilib. Hesabatlar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.