Neftçalada 18 mindən çox rayon sakini tibbi müayinədən keçirilib
Neftçala, 5 mart, Mahir Babayev, AZƏRTAC
Neftçalada əhalinin kütləvi dispanserizasiyası uğurla davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində, eləcə də laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət beş peşəkar həkim briqadası yaradılıb və rentgen, ultrasəs müayinəsi, exok, laborator və digər müayinələr aparılır. Humanitar aksiya rayon üzrə 65 min 812 nəfər əhalini əhatə edir. Kənd və qəsəbələrdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Dörd səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
Qrafikə uyğun olaraq ilkin mərhələdə şəhər sakinləri, idarə, müəssisə və təşkilatlarda işləyənlər tibbi müayinələrdən keçirilir. Artıq 63 kollektivdə və 6 yaşayış məntəqəsində müayinələr başa çatıb. Tibbi müayinədən keçirilmiş 18 min 307 nəfərdən 695-i ambulator, 6 nəfəri stasionar müalicəyə cəlb olunub. 4 nəfər isə təkrar müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.