NEFTÇİ İDMANÇILAR 2008-Cİ İLDƏ YÜKSƏK NƏTİCƏLƏR GÖSTƏRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin 2008-ci ildə yüksək nəticələr göstərmiş idmançıları ilə görüşmüşdür.
İdmançıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edən R.Abdullayev 2008-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, Azərbaycanın siyasi və sosial-iqtisadi cəhətdən daha da inkişaf etdiyini bildirmişdir.
Digər sahələr kimi, ölkəmizdə idmanın da uğurla inkişaf etdiyini bildirən ARDNŞ prezidenti, bu il keçirilən Pekin Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarınin uğurlarını bunun əyani göstəricisi kimi dəyərləndirmişdir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu günlərdə yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildiyini vurğulayan R.Abdullayev, bu seçimin ölkədə idman nailiyyətlərinin bundan sonra da davam etməsi üçün yaxşı əsas yaratdığını söyləmişdir.
ARDNŞ-in tərkibində fəaliyyət göstərən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Azərbaycanın idman uğurlarında xüsusi çəkiyə malik olduğunu söyləyən R.Abdullayev, bu nailiyyətlərin davamlı olması məqsədi ilə idmançıların fəaliyyət şəraitinin daha da yaxşılaşdırılacağını bildirmiş, 2008-ci ildə ən yaxşı nəticələr göstərmiş idmançılara və onların məşqçilərinə Dövlət Neft Şirkətinin mükafat və hədiyyələrini təqdim etmiş, qarşıdakı London Yay Olimpiya Oyunlarında onlardan uğurlu çıxışlar və yüksək nəticələr gözlədiyini söyləmişdir.
İdmançılar və məşqçilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.