“NEFTÇİ” RUMINİYANIN “VASLUİ” KOMANDASI ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANDI
AZƏRTAC xəbər verir ki, “Neftçi” futbol klubu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda “İntertoto” kuboku turnirinin üçüncü təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Vaslui” komandasını qəbul etmişdir.
Hər iki komandanın artıq ilk dəqiqələrdən sürətli oyuna üstünlük verməsi görüşün maraqlı və gərgin keçəcəyindən xəbər verirdi. İlk təhlükəli vəziyyəti isə 21-ci dəqiqədə “Neftçi” yaratdı. Əvvəlcə, “Neftçi”nin heyətində Março Davçev təkbətək epizodda qonaqların qapıçısını keçə bilmədi, Oleq Gerasimyukun zərbəsi isə qapıdan aralı keçdi.
Bununla belə, “Neftçi” 28-ci dəqiqədə hesabı açdı. Oleq Gerasimyuk dəqiq zərbə ilə komandasını hesabda irəli çıxardı. Lakin, “Neftçi”nin futbolçuları ilk qolun sevincini yaşamamış “Vaslui”nin oyunçusu Stanislav Gençev hesabı bərabərləşdirdi.
Görüşün ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində başladı. 57-ci dəqiqədə qonaq komandanın qapıçısı səhvə yol verərək topu əlindən buraxdı, özünü yetirən Março Davçevin zərbəsi isə qapı dirəyinin bir neçə santimetrliyindən keçdi.
“Vaslui” 58-ci dəqiqədə hesabı artırmağa yaxın olsa da, “Neftçi”nin qapısına vurulan top dirəkdən döndü.
Oyunda daha bir maraqlı epizod 67-ci dəqiqədə baş verdi. Qonaqların oyunçusu Silvio Balasa kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovuldu. Bundan sonra bir neçə təhlükəli hücum təşkil edən “Neftçi” istəyinə 84-cü dəqiqədə çatdı. Rəşad Sadiqov mükəmməl zərbə ilə “Neftçi”nin ikinci qolunu vurdu.
Görüşdə sonuncu təhlükəli vəziyyəti də “Neftçi” futbolçuları yaratdılar. Kombinasiyalı oyundan sonra Oleq Gerasimyukun zərbəsi qapının azca üstündən keçdi.
Beləliklə, “Neftçi” Rumıniyanın “Vaslui” komandası üzərində 2:1 hesabı ilə qələbə qazanaraq, UEFA kuboku turnirinə çıxmaq şansını saxladı. Xatırladaq ki, “İntertoto” kubokunun üçüncü mərhələsini keçən komanda UEFA kuboku turnirinə vəsiqə qazanacaqdır.
Bu komandalar arasında növbəti mərhələyə vəsiqənin sahibi bir həftə sonra Rumıniyada keçiriləcək oyunun nəticəsində məlum olacaqdır.
######
