NEFTÇİLƏR GÜNÜ MÜNASİBƏTİLƏ DƏNİZKƏNARI MİLLİ PARKDA SƏRGİ VƏ BAYRAM KONSERTİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Dənizkənarı Milli Parkda Neftçilər günü münasibətilə müxtəlif bayram tədbirləri keçirilmişdir.
Baş nazirin birinci müavini Yaqub Eyyubov, Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, ölkəmizdə fəaliyyət göstərən xarici neft şirkətlərinin rəhbərləri, diplomatik korpusun nümayəndələri, paytaxt sakinləri və qonaqlar burada təşkil olunmuş pavilyonlarda Azərbaycan neft sənayesinin inkişafını əks etdirən sərgilərə maraqla tamaşa etmişlər.
Neftçıxarma və neftayırma sənayelərinin müxtəlif mürəkkəb qurğularının, Xəzər Dəniz Neft Donanması gəmilərinin maketləri, rəngarəng stendlər və fotoşəkillər tamaşaçılarda şərəfli peşə sahiblərinin əməyi haqqında aydın təsəvvür yaradırdı. Sərgi boyunca quraşdırılmış monitorlarda Azərbaycan neftçilərinin rəşadətli əməyini, ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və iradəsinin təntənəsi olan yeni neft strategiyasının reallaşmasını, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini əks etdirən sənədli kadrlar nümayiş etdirilirdi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müxtəlif zavod, idarə və müəssisələrin dinamik inkişafını əks etdirən filmlər sərgi ilə tanış olanlara onların həm tarixi, həm də bugünü haqqında ətraflı məlumat verirdi.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Dövlət Neft Şirkəti tərəfindən bölgələrdə aparılan tikinti və quruculuq işləri barədə məlumatların toplandığı stendlərdə 2003-cü ildən başlayaraq şirkət tərəfindən inşa olunmuş müxtəlif sosial təyinatlı obyektlər - məktəblər, uşaq bağçaları, müalicə-diaqnostika mərkəzləri və xəstəxanalar haqqında tam informasiya almaq olurdu.
ARDNŞ-in Sosial İnkişaf İdarəsinin tabeliyində olan uşaq bağçalarında tərbiyə alan balacaların əl işləri də tamaşaçılar tərəfindən maraqla qarşılanır, bu məktəbəqədər tərbiyə müəssisələrinin balaca rəqqaslarının çıxışları alqışlarla müşayiət olunurdu. “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin gənc idmançılarının nümunəvi çıxışları bu mərkəzdə qabaqcıl idman ənənələrinin uğurla davam etdirildiyini təsdiq edirdi.
Parkda quraşdırılmış səhnədə Azərbaycan incəsənət ustaları, Dövlət Neft Şirkətinin özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertin aparıcıları Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 1994-cü ilin 20 sentyabrını - “Əsrin müqaviləsi”nin imzalandığı günü, o vaxtdan bəri həyata keçirilmiş möhtəşəm layihələr barədə konkret faktları xatırlatmışlar.
Milli Parkda bayram gəzintisi və konsert gecədən xeyli keçənədək davam etmiş, atəşfəşanlıqla başa çatmışdır.
######
![]() |
![]() |

