“NEFTÇİLƏR GÜNÜ” TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR
Azərbaycan iqtisadiyyatının 160 ildən artıq bir dövrdə aparıcı sahəsi olan neft sənayesinin işçiləri sentyabrın 20-də Neftçilər gününü təntənə ilə qeyd etmişdir.
AZƏRTAC xəbər verir ki, Dövlət Neft Şirkətinin rəhbərliyi və ayrı-ayrı müəssisələrin nümayəndələri bu münasibətlə Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin yeni neft strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, qəbri üstünə gül dəstələri düzülmüşdür.
Sonra şirkətin inzibati binasında yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ölkə neftçilərini bayram münasibətilə təbrik etmişdir. Azərbaycanın neft sənayesinin son illər əldə etdiyi uğurlardan danışan şirkətin prezidenti bütün bu nailiyyətlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının bəhrəsi olduğunu vurğulamışdır. O demişdir ki, yeni neft strategiyasının tərkib hissələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Azərbaycanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynamağa başlayan “Şahdəniz” qaz-kondensat yatağının istismara verilməsi ölkəmizin dünyada siyasi və iqtisadi mövqeyini daha da möhkəmləndirmişdir.
Azərbaycan dövlətinin neftçilərə göstərdiyi diqqət və qayğıdan bəhs edən R.Abdullayev neft-qaz sənayesinin inkişafındakı xidmətlərinə görə şirkətin bir qrup əməkdaşının dövlət mükafatlarına layiq görülməsinin həmin qayğının təzahürü olduğunu söyləmişdir.
Bayram tədbirində çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin tarixindən, bugünkü inkişafından, xalqımızın ümummilli lideri Heydər Əliyevin iqtisadiyyatımızın tərəqqisində misilsiz xidmətlərindən danışmışdır.
Neftçilər günü ərəfəsində “Əməkdar mühəndis” fəxri adı almış Rizvan Abbasov, “Tərəqqi” medalı ilə təltif edilmiş Nazim Vəliyev Azərbaycanın neft sənayesində əldə edilən nailiyyətlərin ulu öndərin adı ilə sıx bağlı olduğunu vurğulamış, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.
X X X
Həmin gün Mərkəzi Neftçilər Xəstəxanasına gələn Dövlət Neft Şirkətinin rəhbərliyi burada müalicə olunan neftçiləri peşə bayramı münasibətilə təbrik edərək onlara hədiyyələr vermiş, tezliklə sağalaraq iş başına qayıtmalarını arzulamışdır.
######
![]() |
![]() |

