Nəqliyyat Nazirliyi: Türkiyənin yükdaşımalarında dəmir yolunun payı 22 faizə çatacaq
Ankara, 1 mart, AZƏRTAC
Türkiyə hökuməti dəmir yollarının yükdaşımalarında payını beş faizdən 22 faizə çatdırmağı planlaşdırır, avtomobil yolları ilə daşımaların çəkisi isə planlı şəkildə 72 faizdən 57 faizə enəcək.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Onun sözlərinə görə, dəmir yolu rabitəsinin “2053-cü ilə qədər olan dövr üçün inkişaf konsepsiyası”na uyğun inkişaf etdirilməsi planlaşdırılır.
Nazir yükdaşımaları sisteminin inkişafının tərkib hissəsini logistik mərkəzlər adlandırıb ki, onların da sayı iki dəfə - 13-dən 26-ya qədər artırılacaq.
“Bu mərkəzlər yüklərin konteynerlərlə dəniz limanlarından yük maşınlarına daşınması və daha sonra dəmir yolu qatarlarına yüklənməsi də daxil olmaqla, birləşmiş yük daşımaları zəncirinin mühüm tərkib hissəsidir”, - deyə A.Uraloğlu qeyd edib.
Nazir gömrük prosedurlarının səmərəliliyinin artırılması və logistika əməliyyatlarının sürətləndirilməsi sayəsində yerli şirkətlərin gəlirlərinin artacağına əminliyini bildirib.