ELM VƏ TƏHSİL
“Nəqliyyat qəzaları zamanı yaranan fövqəladə hallar və onların idarə olunması” - elmi konfrans
![](/files/galleryphoto/2023/3/1200x630/16983250373862236029_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983250375391712638_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983250375452419501_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983250374922456572_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983250376385246135_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Nəqliyyat qəzaları zamanı yaranan fövqəladə hallar və onların idarə olunması” mövzusunda elmi-texniki konfransın plenar iclası keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, plenar iclasda rektor Gülçöhrə Məmmədova çıxış edərək 2023-cü ildə universitetdə təşkil olunan mühüm tədbirlərin böyük əksəriyyətinin Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edildiyini vurğulayıb: “Əlbəttə ki, bu, təsadüfi hal deyil. Çünki ölkəmizdə əldə etdiyimiz bütün uğurların təməli Ulu Öndərin dövründə qoyulub. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası son 100 ildə əldə etdiyimiz ən böyük nailiyyətdir. Şübhəsiz ki, bu nailiyyətimiz də Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin məntiqi nəticələridir”.
Rektor çıxışında konfransın mövzusunun aktuallığına diqqət çəkərək AzMİU-da fövqəladə hallar və onların idarə olunması istiqamətində aparılan tədqiqat işlərindən, bu istiqamətdə kadr hazırlığı prosesindən danışıb. Qeyd edib ki, günümüzdə ən çox baş verən hadisələrdən biri olan və təəssüf doğuran nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılması, bu qəzalar zamanı yarana biləcək fövqəladə halların idarə edilməsi ilə bağlı məsələlər AzMİU üçün prioritet tədqiqat istiqamətlərindən biridir.
AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri AMEA-nın müxbir üzvü İslam Mustafayev çıxışında bildirib ki, Azərbaycanda mülki müdafiənin təşkili və ölkəmizin Ümumdünya Mülki Müdafiə təşkilatına üzv olması Ümummilli Liderin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı aparılan tədqiqatlara, qazanılan təcrübəyə diqqət çəkən alim qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr, Azərbaycanın ümumi inkişafı mülki müdafiə sahəsini də inkişaf etdirib.
Digər çıxış edənlər də Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın inkişafı naminə həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb və nəqliyyat qəzaları zamanı fövqəladə halların idarə olunmasının vacibliyinə diqqət çəkiblər.
Konfransda “Avtomobil qəzaları zamanı yaranan fövqəladə halların idarə olunması”, “Avtomobil qəzaları zamanı yaranan fövqəladə hallarda xilasetmə işləri”, “Dəniz nəqliyyatında qəzalar zamanı yaranan fövqəladə halların idarə olunması” və “SOCAR yükdaşımalarında qəzalar zamanı yaranan fövqəladə halların idarə olunması” mövzularında məruzələr dinlənilib.
Konfrans bölmə iclasları ilə davam etdirilib.
Qeyd edək ki, konfrans AzMİU və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.