Nəzrin Mustafayeva: Azərbaycanda 15 “Körpə dostu” klinikası təyin edilib
Bakı, 6 may, AZƏRTAC
Bütün dünyada fərqindəliyi artırmaq üçün doğuşayardım müəssisələrinin ana südü ilə qidalanmanı dəstəkləyən müəssisələrə çevrilməsini təmin etmək məqsədilə 1991-ci ildən etibarən “Körpə dostu – klinikası təşəbbüsü”, 2015-ci ildən isə bu təşəbbüsün bütün ölkələrdə tətbiqinin təkmilləşdirilməsi prosesinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB- in departament müdiri Nəzrin Mustafayeva "Möcüzə qida- Ana südü" adlı konfransda çıxış edərkən deyib.
N. Mustafayeva bildirib ki, 2017-ci ildə nəşr olunmuş “Analıq və yenidoğulmuş xidmətlərini təmin edən müəssisələrdə ana südü ilə qidalanmanın dəstəklənməsi” barədə təlimat mövcuddur ki, bu təlimatda qeyd olunan “10 addım”ın hər biri sübutlarla əsaslandırılıb: “Bu fəaliyyətlər şübhəsiz ki, “Körpə dostu – klinikası təşəbbüsü” proqramının ölkədəki səhiyyə sisteminə inteqrasiya edilməsinə, o cümlədən hər doğuşayardım müəssisəsində “10 addım”ın həyata keçirilməsinə zəmin yaradacaq. “10 addım” doğuşayardım müəssisələrində ana südü ilə qidalanmanın yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirləri, siyasət və prosedur paketini özündə əks etdirir. 2023-cü il üçün Qlobal Ana Südü ilə Bəslənmə Hesabat Kartına əsasən, altı aydan kiçik körpələr üçün eksklüziv ana südü ilə qidalanma göstəriciləri son on ildə 10 faiz artaraq qlobal miqyasda 48 faizə çatıb. Bu irəliləyiş bizi Ümumdünya Səhiyyə Assambleyasının 2025-ci ilə qədər 50 faizə çatmaq hədəfinə yaxınlaşdırsa da, bir sıra ölkələr hələ də 30 faizdən aşağıdır".
Departament müdiri qeyd edib ki, respublikanın səhiyyə xidmətinin böyük qismini təmin edən, habelə doğuşayardım və neonatal xidmətin əsas aparıcı müəssisələrini idarə edən bir qurum olaraq, bu sahədə olduqca əhəmiyyətli fəaliyyətləri icra edilib. Qeyd edib ki, son bir ildə 5 müəssisədə ümumilikdə 15 “Körpə dostu” klinikası təyin edilib.