DÜNYA
Nigerin Baş naziri Fransa səfirindən ölkəni tərk etməsini istəyib
Bakı, 5 sentyabr, AZƏRTAC
Nigerin Baş naziri Fransa səfirindən tezliklə ölkəni tərk etməsini tələb edib.
AZƏRTAC xəbər verir ki, Nigerin yeni Baş naziri Məhəmməd Əl-Amin Zeyn bu gün keçirdiyi mətbuat konfransında Fransaya məxsus hərbi hissələrin Niger ərazisində qalmasını qeyri-qanunu hesab edib və onların tezliklə ölkəni tərk edəcəyini bildirib. Baş nazir bəyan edib ki, Fransa səfirinin ölkəmizdə yeri yoxdur və o tez bir zamanda Nigeri tərk etməlidir.
Nigerə qarşı tətbiq olunan sanksiyaları qərəzli və qanunsuz adlandıran Baş nazir qeyd edib ki, Nigerin gələcəyini xalq müəyyən edəcək. Devrilmiş prezidentin taleyi barədə suala cavab verən Məhəmməd Əl-Amin Zeyn diqqətə çatdırıb ki, keçmiş prezidentin fəaliyyəti müstəqil məhkəmələr tərəfindən araşdırılacaq və yeni formalaşmış hökumət bu prosesə müdaxilə etməyəcək.
Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər dövlət çevrilişi edərək Prezident Məhəmməd Bazumanı həbs ediblər. O, korrupsiya, Qərb dövlətlərinə işləməkdə ittiham edilir.
Nigerlilər ölkədəki yoxsulluğun səbəbini Fransanın dövlət siyasətinə müdaxiləsində görürlər və bu ölkənin səfirliyinin qarşısında kütləvi aksiyalar keçirərək səfirin qovulmasını tələb edirlər.