Niko Rosberq: Bakıya məhz buna görə gəlmişəm
Bakı, 20 iyun, AZƏRTAC
Almaniyalı avtoyürüşçü Niko Rosberq Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisində inamla qalib gəlib. Yeri gəlmişkən, heç bir pilot onunla ciddi rəqabət apara bilməyib.
AZƏRTAC xəbər verir ki, Niko Rosberq qələbə təəssüratlarını bölüşərək deyib: ”İnanılmaz gün, inanılmaz “uik -end”! Mən mehriban qəbula görə Bakıya təşəkkür etmək istəyirəm. Siz mükəmməl tras yaratmışınız. Burada ötüşmək çox maraqlıdır. Əlbəttə, mənim üçün hər şey yağ kimi keçdi, təsnifat yarışlarından və yürüşdən razı qaldım - hər şey mükəmməl idi!
İndi qələbənin ləzzətini yaşayıram - Bakıya məhz bunun üçün gəlmişəm. Qalib gəlmək istəyirdim, buna da müvəffəq oldum. İndi zəfərimi bayram edirəm!”.
Xatırladaq ki, “Mersedes” komandasının heyətində “Formula-1” avtoyürüş seriyasının pilotu Niko Rosber 2014 və 2015-ci illər dünya çempionatlarının gümüş mükafatçısı, 2014 -cü il Poul-pozişn Kubokunun sahibidir. Niko “Formula-1” yürüşlərində 1982-ci ilin dünya çempionu Keke Rosberqin oğludur. Finlandiya və Almaniyanın ikili vətəndaşıdır.