Nurlan İsmayılbəyli: Sertifikatlaşdırılma prosesində müəllimlərin davamiyyəti yüksəkdir
Bakı, 20 iyun, AZƏRTAC
Ötən ildən etibarən ümumtəhsil müəssisələri müəllimlərinin sertifikatlaşdırılması aparılır. Bu proses müəllimlərin davamlı inkişafına yönəlmiş fəaliyyətdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, sertifikatlaşdırma prosesinin əsas məqsədi müəllimlərin peşəkar inkişafının təmin olunması, onların təlim ehtiyaclarının müəyyənləşdirilməsidir: “Ötən il prosesə 11 mindən çox müəllim dəvət olunub. Davamiyyət olduqca yüksəkdir. Müəllimlərin əksəriyyəti prosesi uğurla tamamlayıb. Prosesdə ilk cəhddə uğur qazana bilməyən müəllimlər təlimlərə cəlb olunub. Bu məqsədlə ölkədə 57 dəstək mərkəzi yaradıldı və müəllimlər 48 akademik saatlıq təlimlərə cəlb edildi. Sertifikatlaşma prosesindən əvvəl təlimlərdə iştirak edən müəllimlər üçün “Microsoft Teams” üzərindən sınaqlar da təşkil edildi”.
Nurlan İsmayılbəyli bildirib ki, builki sertifikatlaşdırılma prosesində müəllimlərin davamiyyəti yüksəkdir.
“Sertifikatlaşma prosesinə Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri cəlb edilib. Ölkə üzrə 13 imtahan mərkəzində imtahanlar start götürüb. 95 faizdən yüksək davamiyyətlə müəllimlər sertifikasiyada iştirak edir.
Ötən il Prezidentin müvafiq Fərmanına uyğun olaraq müəllimlər sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində əldə etdikləri nəticələrə əsasən əməkhaqqı alırlar. Belə müəllimlərin sayı 8 min 700-dən çoxdur. Bu il belə müəllimlərimizin sayı çox olacaq.
Sertifikatlaşdırma prosesində digər məqsəd isə müəllimlərin bundan sonrakı fəaliyyətinin qiymətləndirilməsidir”, - deyə Nurlan İsmayılbəyli qeyd edib.