Nuru paşanın Azərbaycanda yurd salan əsgəri Məhəmməd Əfəndi - Ağsudan reportaj FOTO VİDEO
Ağsu, 15 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
1918-ci ildə daşnak-bolşevik birləşmələrinə qarşı Nuru paşanın komandanlığı altında Azərbaycana yardıma gələn Qafqaz İslam Ordusunun əsgərləri arasında 31 yaşlı Məhəmməd Əfəndi adında bir əsgər də olub. Qafqaz İslam Ordusunun zabit və əsgərləri sırasında yer alan Məhəmməd Əfəndi Göyçay və Ağsudan Bakıya qədər ağır döyüşlərdə iştirak edib.
Qafqaz İslam Ordusu Azərbaycandan getdikdən sonra Məhəmməd Əfəndi öz istəyi ilə ölkəmizdə qalıb. Daha sonra Ağsu rayonuna qayıdaraq Qafqaz İslam Ordusunun Padar kəndindəki qərargahına - Bilal Əfəndi məscidinə pənah gətirib. Padar kəndində məskunlaşan Məhəmməd Əfəndi burada ailə qurub. Müxtəlif sahələrdə işləməyə başlayan Məhəmməd babanın Məhəmmədəli və Fatma adında uşaqları dünyaya gəlib. Hazırda Padar kəndində yaşayan Məhəmməd Əfəndinin oğlu Məhəmmədəlinin 87, qızı Fatmanın isə 84 yaşı var.
AZƏRTAC-ın əməkdaşı Məhəmmədəli Həsənovun evinə baş çəkib, onunla söhbət edib.
Atasını yad etmək üçün bir vaxtlar Qafqaz İslam Ordusunun Padar kəndində yerləşmiş hərbi qərargahına üz tutan Məhəmmədəli Həsənov o günləri elə də xatırlamır. Çünki o, hələ kiçik yaşlarında ikən atası rəhmətə gedib. Yalnız anasının dediklərini yadında saxlaya bilib.
Məhəmmədəli kişi deyir ki, sovet dövründə atası Türkiyəyə qayıtmaq istəsə də, sərhədlərin bağlı olması onu öz doğmalarından uzaq salıb: “Atam türk əsgəri olduğu üçün sovet hakimiyyəti tərəfindən çoxlu təzyiqlərə məruz qalıb. Məcbur olub onun pasportunu, sənədlərini yandırıblar. Ümumiyyətlə, türk əsgərlərinin əksəriyyəti sürgünə göndərilib”.
Məhəmməd Əfəndidən onlara 1893-cü ildə nəşr olunan Quran kitabı qalıb. “Atam Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gələndə bu kitabı da özü ilə gətirib. Sovetlər dönəmində bu müqəddəs kitabı uzun müddət gizlətmişik. İndi evimizin ən gözəl yerində həm müqəddəs kitab olduğu üçün, həm də atamın yadigarı kimi qoruyub saxlayırıq”, - deyə o əlavə edir.
Türk əsgərinin nəvəsi Rövşanə Bəhrəmovanın sözlərinə görə, babası ilə bağlı rəsmi sənədlər olmadığından onun Türkiyədəki qohumlarını axtarmaq istəyi reallaşmayıb. “Çox istərdik ki, babamın Türkiyədə olan ailə üzvlərini, yaxınlarını, doğmalarını tapaq, onları tanıyaq. Harada yaşayıb, bura gələnə qədər nə işlə məşğul olub, babamla bağlı xatirələrini alaq, həm də belə bir qəhrəman övladları üçün onlara təşəkkür etmək istərdik”.
Məhəmməd Əfəndi uzun sürən xəstəlik səbəbindən 1939-cu ildə 52 yaşında Padar kəndində vəfat edib. Kənd qəbiristanlığında dəfn olunub. Sonradan qəbiristanlığın bir neçə dəfə yanması səbəbindən Məhəmməd babanın qəbrinin izləri də itib...