NYU-YORKDAKI AZADLIQ ABİDƏSİNİN 120 İLLİYİ QEYD EDİLİR
Abidə Amerika xalqına Fransadan hədiyyə kimi verilmişdi. 1875-ci ildə heykəltəraş Frederik Bartoldi tərəfindən yaradılmış və ümumi hündürlüyü 92 metr olan abidə 350 hissədən ibarət olmaqla gəmi ilə Nyu-Yorka gətirilmişdi. Çəkisi 225 ton olan abidənin hazırlanmasına 125 ton polad və təxminən 30 ton mis sərf edilmişdi.
İlk illərdə Nyu-Yorkda ondan hündür tikili yox idi. Maraqlıdır ki, ilk vaxtlar o, Nyu-York limanında gəmilərin istiqamətlənməsinə kömək edən adi mayak funksiyasını yerinə yetirirdi. İllər ötdükdən sonra abidə turistlər üçün baxımlı yerə çevrilmişdir. Onun vəziyyətinə ABŞ-ın Milli Park xidməti nəzarət edir.
2001-ci ilin 11 sentyabr terror aktlarından sonra təhlükəsizlik mülahizələrinə görə turistlərin Liberti-aylendə gediş-gəlişi üç aydan artıq bir müddətdə dayandırılmışdı. Sonralar qonaqların oraya gediş-gəliş qaydaları sərtləşdirildi. Adaya yola düşməzdən əvvəl bütün turistlər metallodetektor çərçivəsindən keçirlər.
Buraya gələnlərə hazırda postamentin bünövrəsi yanında və təxminən 16-cı mərtəbə hündürlüyündə yerləşən iki baxış meydançasına qalxmağa icazə verilmişdir. Abidə tacının və məşəlinin içərisinə girmək əvvəlki kimi qadağandır. Düzdür, bunsuz da Liberti-aylenddən Nyu-Yorkun mərkəzi rayonu Manhettenin aşağı hissəsinə əla mənzərə açılır.