Ödəniş hesabı hansı hallarda açıla bilər?
Bakı, 22 iyun, AZƏRTAC
Ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində bildirilib.
Qanun layihəsinə əsasən, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu Qanunla müəyyən edilmiş tələblər şamil edilmir.
Sənədə görə, hüquqi şəxslərə və fərdi sahibkarlara ödəniş hesabı yalnız banklarda, bank olmayan kredit təşkilatlarında (əldə edilmiş kreditlə bağlı), poçt rabitəsinin milli operatorunda və elektron pul təşkilatlarında açıla bilər.
Hüquqi şəxslər və fərdi sahibkarlar ödəniş təşkilatlarının xidmətlərindən hesab açmadan istifadə edə bilərlər.
Bu Qanunda ayrı qayda müəyyən edilmədikdə digər normativ hüquqi aktların və normativ xarakterli aktların “bank hesabı” və (və ya) “hesab”la bağlı tələbləri (həmin tələblərin məzmunundan onların yalnız bank tərəfindən açılan hesaba aid olmasının aydın olduğu hallar istisna olmaqla) ödəniş hesablarına və banklarla bərabər digər ödəniş xidməti təchizatçılarına da şamil edilir.