Ödəniş zamanı pul vəsaitlərinin təhlükəsizliyi qanunvericiliklə tənzimlənəcək
Bakı, 22 iyun, AZƏRTAC
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 3.1.1 - 3.1.5-ci maddələrində nəzərdə tutulan ödəniş xidmətini göstərən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini təmin etməlidir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, ödəniş sistemi və əməliyyatlarında pul vəsaitlərinin təhlükəsizliyi aşağıdakı hallarda təmin olunur:
- pul vəsaiti alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidməti təchizatçısına köçürülmədiyi təqdirdə, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında bu məqsədlə açılmış ayrıca hesabda saxlanmaqla və (və ya) Mərkəzi Bank tərəfindən müəyyən edilən aşağı riskli likvid aktivlərə investisiya etməklə;
- qəbul edilmiş pul vəsaiti ilə bağlı öhdəliyinin icra edilməməsi nəticəsində yarana biləcək zərərin məbləğindən az olmayan miqdarda özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın alınmasını təmin etməklə.
Qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təminatı üsullarından asılı olmayaraq, ödəniş xidməti istifadəçisinin ödəniş hesabına icra sənədi üzrə tələb yönəldildikdə elektron pul təşkilatı qanuna uyğun olaraq müvafiq icra sənədlərinin icrasını təmin etməlidir.