Oğuzda poliatlon çoxnövçülük üzrə birincilikdə 21 komanda mübarizə aparıb
Oğuz, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuzda “Zəfər Günü”nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram!” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının rayon mərhələsinə yekun vurulub. 21 komandanın iştirak etdiyi yarış Oğuz şəhər 3 saylı məktəb-liseyin komandasının qələbəsi ilə başa çatıb. Sincan kənd və Oğuz şəhər 1 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yarışlara başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Oğuz şəhər stadionunda keçirilən birincilikdə iştirakçılar 100 və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma yarışlarında qüvvələrini sınayıblar.
Qalib komandalar diplomlarla mükafatlandırılıblar.
Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar gənclərin hərbi hazırlığını gücləndirmək, onlarda vətənpərvərlik hissini artırmaq məqsədi daşıyır.