İQTİSADİYYAT
Oktyabrın 1-dən qatarların hərəkət cədvəli pandemiyadan əvvəlki qaydada olacaq YENİLƏNİB VİDEO





Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 sentyabr tarixli “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftə sonları sərnişindaşıma fəaliyyəti göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmət rəisi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, həftəiçi olduğu kimi, istirahət günlərində də metropolitenin stansiyaları saat 06:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq. Qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval “Qırmızı xətt”in “28 May” - “Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. “Yaşıl xətt” və “Qırmızı xətt”lərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq. “Bənövşəyi xətt”də isə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.
“Pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftə sonları davam etdiriləcək. Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq. Zərurət olduqda, mümkün optimal texniki qərarlar veriləcək. Bu xüsusda ehtiyaca uyğun olaraq “Nərimanov” elektrik deposunda nəzərdə tutulan ehtiyat qatarlar xəttə buraxılacaq”, - deyə xidmət rəisi qeyd edib.
“Bakı Metropoliteni” QSC sərnişinlərin nəzərinə bir daha çatdırır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi növbəti yumşalma tədbirlərinin müsbət nəticələrini qorumaq hər kəsdən asılıdır. COVID-19 virusu ilə əlaqədar xüsusi karantin rejimi davam etdiyindən metodiki göstərişlərin, həmçinin sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət edilməsi vacibdir.