Olaf Şolts: Almaniya nüvə enerjisindən istifadəni bərpa etməyəcək

Bakı, 3 sentyabr, AZƏRTAC
Almaniya nüvə enerjisindən istifadəni bərpa etməyəcək və bərpa olunan enerji mənbələrinə arxalanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri Olaf Şolts bildirib.
“Almaniyada nüvə enerjisi mövzusu bağlıdır. Yeni atom elektrik stansiyası tikmək üçün 15 il, hər stansiya üçün 15-20 milyard avro lazımdır”, - deyə kansler söyləyib.
Almaniyada nüvə enerjisindən istifadənin dayandırılması ilə yanaşı, müvafiq infrastrukturun sökülməsinə başlandığını deyən O.Şolts əlavə edib ki, gələcəkdə Almaniyanın enerji ehtiyacı günəş və külək də daxil olmaqla bərpa olunan mənbələr hesabına təmin olunacaq.
Qeyd edək ki, Almaniya 2011-ci ildə nüvə enerjisindən imtina etməyi planlaşdırdığını açıqlamışdı. Keçən payız, Ukraynadakı münaqişə Avropada enerjiyə çıxışı məhdudlaşdırdıqda, Almaniya üç atom elektrik stansiyalarının fəaliyyətini bir neçə ay müddətinə bərpa edəcəyini bildirmişdi.
Bu üç atom elektrik stansiyasının ölkədə 10 milyondan çox ev təsərrüfatını, yəni əhalinin təxminən dörddə birini elektrik enerjisi ilə təmin etmək gücünə malikdir. Aprel ayında Almaniya, planlaşdırıldığı kimi, üç atom elektrik stansiyasının fəaliyyətini dayandırdı.