OLİMPİYA ÇEMPİONU POLİS AKADEMİYASININ MÜDAVİMLƏRİNƏ CÜDO FƏNDLƏRİ ÖYRƏTMİŞDİR
Bakı, 6 fevral (AZƏRTAC). Daxili İşlər Nazirliyinin Polis Akademiyasında XXIX Pekin Yay Olimpiya Oyunlarının çempionu Elnur Məmmədli, Paralimpiya oyunlarının ikiqat çempionu İlham Zəkiyev, eləcə də akademiyanın əməkdaşları - Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyev və beynəlxalq dərəcəli hakim, Pekin Olimpiadasında Azərbaycanı təmsil etmiş Hicran Şərifovla görüş keçirilmişdir.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər qoyulmuşdur.
“Heydər Əliyev irsinin öyrənilməsi” İdeoloji Mərkəzi ilə tanış olan məşhur idmançılarımız “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazmışlar.
Elnur Məmmədli və İlham Zəkiyev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılara xüsusi qayğısından danışmış, olimpiya uğurlarını dövlətimizin başçısının adı ilə bağlamışlar.
Vurğulanmışdır ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda qazandıqları qələbələr respublikamızın şöhrətini daha da artırır.
Qonaqlar Olimpiya Oyunları barədə təəssüratlarını bölüşmüş, müdavimləri maraqlandıran suallara cavab vermişlər.
Akademiyanın idman zalında Elnur Məmmədli cüdo ilə məşğul olan müdavimlərə tövsiyələrini vermiş, ayrı-ayrı fəndlərin icrasını izah etmişdir. Qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Görüş konsert proqramı ilə başa çatmışdır.
######
