Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
Bakı, 12 iyul, AZƏRTAC
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “London-2012” Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Matteo Morandi tərəfindən ustad dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərsində kişi idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri iştirak ediblər. Təlim zamanı Matteo Morandi öz beynəlxalq yarış təcrübəsini gənc gimnastlarla bölüşərək müxtəlif gimnastika elementlərinin texniki icrası, məşq prosesinin səmərəli təşkili və yarışlara hazırlıq prinsipləri barədə ətraflı məlumat verib.
Ustad dərsi boyunca iştirakçılar məşq prosesində fərdi yanaşmanın əhəmiyyəti, hərəkətlərin düzgün texnikası və yüksək nəticələrin əldə olunması üçün vacib məqamlarla tanış olublar. Gimnastlar, həmçinin onları maraqlandıran sualları ünvanlamaq və dünya səviyyəli idmançının təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.