Ölkəmizdə qanunsuz ovçuluğu açıqcasına təşviq edən internet saytı fəaliyyət göstərir
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycanda xarici vətəndaşların qanunsuz ov etməsi mövzusu tez-tez cəmiyyətimizdə geniş mənfi rezonansa səbəb olur. Buna baxmayaraq, Azərbaycanda ovçuluqda qanunların pozulmasını açıq şəkildə təşviq edən “Azerbaijan Professional Falconry Organizer” adlı quruma məxsus http://www.falconry.az/ internet saytı mövcuddur. İngilis və ərəb dillərində olan saytın ana səhifəsində qurumun əsasən şahin ovunu təşkil etdiyi və ərəb ölkələrindən olan şəxslərə Azərbaycanda ov turizmi imkanlarını təklif etdiyi bildirilir. Ən maraqlısı odur ki, bu saytda Azərbaycanın “Qırmızı kitab”ına daxil olan bəzgəkin ovlanması açıq şəkildə təklif edilir və hətta utanmadan həmin quşun fotoları da paylaşılır.
Bu barədə AZƏRTAC-a Dayanıqlı Azərbaycan Naminə Milli Alyansdan məlumat verilib.
Məlumatda bildirilib ki, şahin ovu ilə yanaşı, xarici qonaqlara digər ov növlərinin təşkil edilməsi təklif edilir. Bu isə bir daha təsdiq edir ki, ölkəmizə gələn xarici ovçuların hamısı şahinlərlə ov üçün lisenziya alır, amma gəlib burada pul verib odlu silah götürərək istədikləri növləri ovlayırlar.
“Saytda yer alan fotolara ornitoloq və digər peşəkar mütəxəssislər də nəzər salıblar. Bəzgəklə yanaşı, saytda yer alan şəkillərdə saysız-hesabsız bizquyruq ördəyi, anqut, Fitçi ördəyi, enlidimdik, Marek ördəyi, yaşılbaş, qaşqaldaq, boz qaz və kəklik görmək olar ki, bunlar “Qırmızı kitab”a daxil olmasalar da, ovlanmış quşların sayının icazə verilən ov limitindən olduqca çox olması şübhə doğurmur. Məsələ ölkəyə gələn turistləri cərimələməkdə deyil, buna şərait yaradan yerli şirkətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. Təbiətsevər olaraq, Azərbaycanda sistemli şəkildə bu işlə məşğul olan qurumlara nəzarətin gücləndirilməsini, Azərbaycanın biomüxtəlifliyinə qarşı qətliam törədilməsini təşviq edən şirkətə qarşı tədbirlərin görülməsini və qorunan quş növünün ovlanmasını aşkar şəkildə təklif edən http://www.falconry.az/ saytının bağlanmasını tələb edirik”, - deyə alyansdan verilən məlumatda qeyd edilib.