Ombudsman ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə qınayıb
Bakı,27 yanvar, AZƏRTAC
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda ombudsman ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə qınayıb. Qeyd olunub ki, alçaq hücum nəticəsində öz xidməti fəaliyyətini yerinə yetirən diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, səfirliyin iki nəfər əməkdaşı isə xəsarət alıb.
“Baş verən hadisə, ilk növbədə, "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir. Baş verən cinayət hadisəsi həm də "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının tələblərinin kobud pozuntusudur. Bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biri olan terrorizm cinayətinin qurbanı olan və öz xidməti vəzifəsini icra edərkən həlak olan səfirlik əməkdaşına Allahdan rəhmət, ailəsinə səbir, yaralananlara şəfa diləyirəm”, - deyə bəyanatda qeyd olunur.
Ombudsman bildirib ki, qanlı terror aktı İran hökuməti tərəfindən tezliklə araşdırılmalı, cinayətkarlar cəzalandırılmalı, beynəlxalq sənədlərə əsasən müəyyən edilmiş öhdəliklər yerinə yetirilməlidir.