Ombudsmanın nümayəndəsi miqrasiya tərəfdaşlığı üzrə beynəlxalq konfransda iştirak edib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də “Azərbaycanda yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE-2) layihəsi” çərçivəsində beynəlxalq videokonfrans keçirilib.
Ombudsmanın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MOBİLAZE-2 layihəsinin məqsədi miqrasiya və sərhəd idarəçiliyi ilə bağlı qabaqcıl təcrübələri əhatə edən təhlilin hazırlanması, tədqiqat və təhlil bacarıqlarının artırılması, qaçqınlar da daxil olmaqla miqrantlar üçün inteqrasiya xidmətlərinin göstərilməsi ilə bağlı institusional bacarıqların gücləndirilməsi, miqrasiya və sərhəd idarəçiliyi üzrə təlim potensiallarının artırılması, həmçinin miqrasiya üzrə məlumatlılığın yüksəldilməsinə dəstək verməkdən ibarətdir. 2021-2024-cü illəri əhatə edən layihənin hazırlanması prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təklifləri də nəzərə alınıb.
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın miqrasiya siyasəti və idarəçiliyinin əsas xüsusiyyətləri barədə geniş təqdimatların edildiyi tədbirdə Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova da daxil olmaqla, aidiyyəti dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbir çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Yekunda miqrasiya idarəçiliyi sahəsində yeni prioritetlərə cavab verən bu layihə üzrə birgə fəaliyyətin səmərəli təşkil edilməsinin vacibliyi qeyd olunub.