OPEC-in Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Səngəçal terminalına səfər edib
Bakı, 22 iyun, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın rəhbərlik etdiyi nümayəndə heyəti BP-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər edib.
BP-dən AZƏRTAC-a bildirilib ki, səfər zamanı qonaqlar əməliyyat sahəsinə, Xəzər Enerji Mərkəzinə, “Şahdəniz” və “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformalarının birgə idarəetmə otağına baş çəkiblər.
Həmçinin onlara terminalın Azərbaycanın enerji layihələrinin icrasındakı əhəmiyyəti, BP-nin operatoru olduğu layihələrin hazırkı vəziyyəti və Avropanın enerji təminatındakı rolu barədə məlumat verilib.