Orxan Məmmədov: Regional sahibkarlığın inkişafı üçün müxtəlif layihələr icra edirik
Lerik, 13 iyun, İ.Adıyev, AZƏRTAC
Biz regional sahibkarlığın inkişafı üçün müxtəlif layihələr icra edirik. Belə layihələrimizdən birinin ikinci mərhələsi bir neçə ay əvvəl elə bu iqtisadi rayonda baş tutdu. “Regional tərəfdaşların inkişafı” adlı layihəmizin ilk mərhələsi Şəki şəhərində, ikinci mərhələsi isə Lənkəran şəhərində icra edildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri "Lerikdə investisiya imkanları" mövzusunda keçirilən forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Bu layihənin il sonuna qədər davam etməsi və növbəti mərhələlərin Gəncə və Quba şəhərlərində keçirilməsi planlaşdırılır. Biz bu müddət ərzində 20-dən çox rayondan yüzlərlə sahibkarı cəlb edərək, konfransların keçirilməsinə, sahibkarlarımızın maliyyə kanallarına əlçatanlığının yaxşılaşdırılması imkanlarının genişləndirilməsinə çalışacağıq”, - deyə o əlavə edib.