Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 11 faizədək artıb
Bakı, 28 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 245,8 milyon dollar təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, cari ilin birinci ayında yeyinti məhsullarının ixracı 19,7 faiz artaraq 84,2 milyon dollara bərabər olub. İxrac olunan məhsullar arasında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, üzvi kimyəvi birləşmələr 52,4 faiz artıb.
2025-ci ilin yanvar ayında aqrar məhsulların ixracı 10,4 faiz artaraq 64,8 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 44,3 faiz artaraq 22,2 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5 faiz artaraq 87,1 milyon dollar təşkil edib.