Ötən ay ərzində Yeni Klinikada 47 min 483 ambulator tibbi xidmət göstərilib
Bakı, 13 aprel, AZƏRTAC
Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində müraciət edən vətəndaşlara ümumilikdə 47 min 483 ambulator tibbi xidmət göstərilib.
AZƏRTAC “Yeni klinika”ya istinadla bildirir ki, cari ilin mart ayı ərzində icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün müraciət edən vətəndaşların sayı 10 min 407 nəfər təşkil edib. Statistik məlumatlara görə, stasionar tibbi xidmət üçün “Yeni klinika”ya müraciət edənlərin sayı 325, əməliyyat olunan pasiyentlərin sayı isə 339 nəfər təşkil edib.
Qeyd edilib ki, “Yeni klinika” tibb müəssisəsində 2022-ci il iyunun 6-dan etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə xidmətlər zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Cənubi Qafqazın ən böyük tibb müəssisəsi hazırda ümumi cərrahiyyə, terapiya, təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya şöbələri və poliklinikadan ibarətdir. Poliklinikada urologiya, kardiologiya, ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, LOR, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya və pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.